ABŞ-IN FULBRAYT TƏLƏBƏ PROQRAMI ÜÇÜN MÜSABİQƏ ELAN EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədi ilə Birləşmiş Ştatların Fulbrayt Tələbə Proqramı üçün müsabiqə elan etmişdir. Müsabiqə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq keçirilir.
Avqustun 8-də Təhsil Nazirliyində keçirilən mətbuat konfransında nazir Misir Mərdanov bu il iyunun 19-da Azərbaycan ilə ABŞ arasında təhsil sahəsi üzrə saziş imzalandığını xatırladaraq demişdir ki, Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqə məhz həmin saziş əsasında aparılır. Müsabiqədə Azərbaycan vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu tədris illərində magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslər iştirak edə bilərlər.
Nazir bildirmişdir ki, Dövlət proqramına uyğun olaraq, Fulbrayt Tələbə Proqramı çərçivəsində hələlik 10-15 nəfər azərbaycanlı gənc üçün ABŞ-da magistr pilləsi üzrə təhsil almaq imkanı yaradılacaqdır.
Sənədlər sentyabrın 12-dək Təhsil Nazirliyində və ABŞ-ın ölkəmizdəki səfirliyində qəbul ediləcəkdir.
Müsabiqə barədə elan “Azərbaycan müəllimi” qəzetində, Təhsil Nazirliyinin (www.edu.gov.az) və ABŞ-ın respublikamızdakı səfirliyinin ([email protected]) saytlarında verilmişdir.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Ann Ders 1946-cı ildə təsis edilmiş ABŞ-ın Fulbrayt Tələbə Proqramı barədə ətraflı məlumat vermişdir.
ABŞ ilə Azərbaycanın təhsil əlaqələrinin əhəmiyyətini vurğulayan səfir bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini söyləmişdir.
######
