DÜNYA
ABŞ-ın Kiyevə hərbi yardımının həcmi 16,8 milyard dollara çatıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Ukraynada müharibənin başlanğıcından bəri ABŞ-ın Kiyevə göstərdiyi hərbi yardımın həcmi ümumilikdə 16,8 milyard dollara çatıb.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin Qərb ölkələrinin Kiyevə hərbi yardımın koordinasıyası üzrə yaratdığı qrupun iclasında bildirib.
“Bildirməyə şadam ki, Co Baydenin rəhbərliyi altında təhlükəsizlik sferasında ABŞ tərəfindən Ukraynaya yardımın həcmi hazırda 16,8 milyard dollara çatıb. Mən bizim hörmətli müttəfiqlərimizə və tərəfdaşlarımıza özlərinin yardım paketlərini davam etdirdiklərinə görə çox minnətdaram”, - Lloyd Ostin iclasın açılışında belə deyib.
O, həmçinin qeyd edib ki, RF ordusunun Ukraynadakı obyektlərə son raket zərbələri Qərb ölkələrinin Kiyevə bundan sonra da yardım göstərmək mövqeyini daha da möhkəmlədib. “Bizim qətiyyətimiz və mövqeyimizin davamlılığı yalnız möhkəmlənib”, - deyə müdafiə naziri vurğulayıb.