ABŞ-IN TARİXİNƏ ƏN ÇOX TƏSİR GÖSTƏRMİŞ 100 ADAMIN SİYAHISI AÇIQLANMIŞDIR
Siyahı çox “rəngarəngdir”, ona ABŞ-ın “ata-baniləri”, alimlər, filantroplar, jurnalistlər, biznesmenlər, ixtiraçılar, şou biznesinin nümayəndələri, arxitektorlar, ictimai və dini xadimlər, həkimlər daxildirlər. Siyahıya hazırda yaşayanlardan iki nəfər düşmüşdür: “Microsoft” şirkətinin yaradıcısı Bill Geyts və istehlakçıların hüquqları uğrunda çarpışan Ralf Neyder.
Birinci yer ABŞ Prezidenti, köləliyi ləğv edən və Vətəndaş müharibəsində qalib gələn Abraham Linkolna verilmişdir. Sonra ABŞ-ın birinci prezidenti, kolonistlər ordusunun baş komandanı, Britaniya imperiyasından asılılığa son qoyan Corc Vaşinqton gəlir. Üçüncü yerə ölkənin daha bir banisi, üçüncü prezident, Amerika tarixində beş ən mühüm sözün – “bütün insanlar bərabər xəlq olmuşlar” sözlərinin müəllifi Tomas Cefferson çıxmışdır.
Dördüncü yerə Prezident Franklin Ruzvelt layiq görülmüşdür. Onun fəaliyyəti sayəsində Birləşmiş Ştatlar “böyük tənəzzül”ü dəf etmiş və İkinci Dünya müharibəsini udmuşdur. Sonrakı yerləri ABŞ-ın “ata-banisi”, əsgər, bankir və politoloq, ABŞ-ı aqrar ölkədən sənaye ölkəsinə çevirməyə çağırmış Aleksandr Hamilton, “ata-bani”, alim, publisist, yazıçı, diplomat və ixtiraçı Bencamin Franklin, ABŞ Ali Məhkəməsinin sədri, məhkəmə hakimiyyətini icraçı və qanunverici hakimiyyətlər qədər qüdrətli etmiş Con Marşall tuturlar. Qaradərililərin vətəndaş hüquqları uğrunda məşhur mübariz Martin Lüter Kinq 8-ci, rekord sayda ixtiraların müəllifi, indiyədək fəaliyyət göstərən “Cenerəl Elektrik” şirkətinin banisi Tomas Edison 9-cu, ABŞ Prezidenti, BMT-nin “sələfi” – Millətlər Birliyi yaradılmasının, “ədalətli” sülh müqavilələrinin və müstəmləkəçiliyin ləğv edilməsinin ideoloqu Vudro Vilson 10-cu yerdədirlər.
Siyahıya biznesmenlərdən Con Rokfeller və Henri Ford, ədiblərdən Mark Tven, Uolt Uitmen, Harriet Biçer-Stou, Uilyam Folkner, Ernest Heminquey, Con Steynbek, German Melvill, Henri Toro, alimlərdən Albert Eynşteyn, poliomielitə qarşı vaksinin yaradıcısı Conas Salk və başqaları, ictimai xadimlərdən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin başlıca müəllifi olmuş Eleanor Ruzvelt, həkimlərdən Bencamin Spok və digər görkəmli şəxslər daxildirlər.