AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Riçard Çeyni Qazaxıstanda rəsmi səfərdədir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Riçard Çeyni ilə görüşdükdən sonra keçirilən mətbuat konfransında bildirmişdir ki, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, energetika təhlükəsizliyinin təmin olunması, həmçinin Mərkəzi Asiyada geosiyasi vəziyyət, Xəzər hövzəsində və Avrasiya regionunda inteqrasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. Prezidentin sözlərinə görə, dünyanın 50 rəqabətədavamlı ölkələri sırasına çıxmaqda ABŞ Qazaxıstana yardım edəcək. Bu gün ölkədə Amerika kapitalının iştirakı ilə 374 müəssisə işləyir. Biz ABŞ ilə yüksək texnologiyaların tətbiqi, həmçinin biotexnologiya və kosmik sahədə işləyən müəssisələrə yardım, birgə elmi-tədqiqat mərkəzlərinin yaradılması sahəsində əməkdaşlıq etməyi qərara aldıq.
Mətbuat konfransında Riçard Çeyni demişdir: “Əfqanıstanda və İraqda apardığı işlərə görə ABŞ Qazaxıstana minnətdardır. Belə ki, ölkəniz terrorizmlə mübarizə sahəsində çox iş görmüşdür. Dövlətinizin son 15 ildə qazandığı uğurlar hamımızı sevindirir. Qazaxıstan bütün sahələrdə ABŞ-ın dostu və strateji tərəfdaşıdır. Amerikalılar şaddırlar ki, Qazaxıstanın təbii ehtiyatlarının işlənilməsində iştirak etmək imkanı qazanmışlar”.
Görüşdən sonra ölkələr arasında 2010-cu ilədək iqtisadi sahədə əməkdaşlıq Proqramı və nüvə materiallarının qeyri-qanuni yerdəyişməsinin qarşısının alınması haqqında sənədlər imzalanmışdır.