ABŞ kəşfiyyatı koronavirusun mənşəyi barədə vahid nəticəyə gələ bilməyib
Bakı, 12 avqust, AZƏRTAC
ABŞ-ın kəşfiyyat xidmətinin hazırladığı məruzədə COVID-19 infeksiyasının mənşəyi barədə hələlik vahid nəticə ifadə olunmayıb.
AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata əsasən ki, kəşfiyyat məlumatları üç ay tədqiq olunduqdan sonra iki nəzəriyyəyə meyil edilir: virus Uxan Virusologiya Universitetinin laboratoriyasında əmələ gəlib və ya təbii yolla heyvanlardan insanlara keçib.
May ayında ABŞ Prezidenti Cozef Bayden Amerikanın xüsusi xidmət orqanlarına koronavirusun mənbəyinin axtarışını sürətləndirməyi və nəticələr barədə 90 gün ərzində hesabat verməyi tapşırmışdı. ABŞ Prezidentinin qoyduğu müddət avqust ayının sonlarında bitir və həmin vaxta qədər məruzənin layihəsi xeyli dəyişikliyə uğraya bilər.
Qeyd edək ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq ekspertlər qrupu koronavirusun mənşəyini üzə çıxarmaq üçün Çinin Uxan şəhərində araşdırmalar aparıb. Missiyanın yekun sənədinə əsasən, koronavirusun heyvanlar arasında, daha sonra isə insanlar arasında ötürülməsi daha inandırıcı ssenari hesab edilib. COVID-19 infeksiyasının laboratoriya şəraitində yaranması ehtimalını isə zəif qiymətləndirib.
ABŞ və müttəfiqləri missiyanın məruzəsini kəskin qarşılayıb və ÜST infeksiyanın laboratoriya şəraitində yaranması versiyasının çox tez istisna olunduğunu etiraf edib. İyul ayının sonlarında Çin virusun mənşəyi barədə tədqiqatın ikinci mərhələsinin öz ərazisində keçirilməsinə icazə verməyib.