ABŞ KONQRESİNDƏ BRİFİNQ
ABŞ Konqresində Birləşmiş Ştatların Xəzər hövzəsində maraqlarına həsr edilmiş brifinq keçirilmişdir. Brifinqdə Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisinin nümayəndəsi Don Rozenblum, Harvard Universitetinin Xəzər Araşdırmaları proqramının tədqiqatçısı Brenda Şaffer, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Qafqaz layihəsinin direktoru Zeyno Baran Xəzər hövzəsi dövlətlərində hazırki vəziyyət və bölgədə ABŞ maraqları haqqında danışdılar. Natiqlərin sözlərinə görə, müsəlman, eyni zamanda yüksək savadlı əhalisi olan bu qərbyönlü dövlətlər ABŞ-ın islam dünyası ilə dialoqunda yeni mərhələyə başlayıblar. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Xəzər hövzəsi dövlətlərinin tərəfdaşlıq əhəmiyyəti artırmışdır. Bununla yanaşı, Amerika Xəzər hövzəsindəki bütün ölkələrə münasibətdə eyni siyasət yürütmür - yerli hakimiyyət, demokratiya, mətbuat azadlığı, ABŞ-la əməkdaşlığa meyl nəzərə alınır. Buna nümunə kimi Türkmənistan və Azərbaycana münasibətdə aparılan siyasətin müqayisəyə gəlmədiyi vurğulandı.
Xanım Brenda Şaffer bildirdi ki, Azərbaycanın əhəmiyyəti dünya bazarında neftin qiymətinin tənzimlənməsi baxımından vacibdir. ABŞ enerji təhlükəsizliyini risk altına qormamaq üçün Xəzər hövzəsindən OPEK-ə alternativ kimi istifadə etməlidir. O, müsəlman əhalili dünyəvi dövlətlərə ABŞ yardımının vacib olduğunu vurğuladı və bir milyona yaxın azərbaycanlı qaçqın-köçkünün öz tələblərinin yerinə yetirilməsi üçün indiyədək heç vaxt terrora əl atmadığını xatırlatdı. “Biz Dağlıq Qarabağ məsələsini bu münaqişənin yenidən müharibəyə çevrilməsindən əvvəl həll etməliyik” deyən xanım Şaffer Amerika Konqresini bu istiqamətdə səy göstərməyə çağırdı.
Brifinqdə konqresmen və senatorların nümayəndələri, Vaşinqtondakı tədqiqat mərkəzlərinin mütəxəssisləri, diplomatik korpusun təmsilçiləri iştirak edirdilər.
Şəfər Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton