ABŞ SƏFİRİ RESPUBLİKAMIZIN QƏRB REGİONUNDA SƏFƏRDƏDİR
Tanışlığa Mingəçevir şəhərindən başlayan səfir şəhər icra hakimiyyətində keçirilən görüşdən sonra burada mərkəzləşdirilmiş kitabxana sisteminin nəzdində ABŞ səfirliyinin təşəbbüsü ilə yaradılmış informasiya-resurs mərkəzində olmuş, mərkəzin kompyuter, kitab və digər avadanlıqlarla təminatı ilə maraqlanmışdır.
Regiona səfərini Gəncədə davam etdirən amerikalı diplomat dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişdir. Sonra səfir şəhərin tarixi abidələri ilə maraqlanmış, XVII əsr Şah Abbas məscidində olmuş, Gəncənin qəhrəmanlıq rəmzi Cavad xanın məzarını ziyarət etmiş, həmin ərazidəki abidələrə və müasir tikililərə baxdıqdan sonra İmamzadə ziyarətgahına getmişdir.
Sonra Gəncə Şəhər İcra Hakimiyyətində səfirlə görüş keçirilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov hörmətli qonağı gəncəlilər adından salamlamış, onu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edərək, xoş arzularını bildirmişdir.
Səfir Ann Ders Gəncəyə gəlişindən məmnun qaldığını söyləmiş və Azərbaycandakı fəaliyyəti dövründə belə əlaqələrin daha da genişləndiriləcəyini vəd etmişdir.
Görüşdən sonra səfir Ann Ders kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab vermişdir.
Elə həmin gün amerikalı diplomat Beynəlxalq Əlaqələr üzrə Milli Demokratiya İnstitutunun Gəncə Regional Maarifçilik və İnkişaf Mərkəzinin açılışında iştirak etmişdir. Açılışı bildirən qırmızı lent kəsildikdən sonra səfir mərkəzin iş prinsipləri ilə yaxından tanış olmuş və burada dəyirmi masa ətrafında görüş keçirmişdir.