ABŞ və Meksika miqrasiya üzrə sazişə nail olub
Bakı, 8 iyun, AZƏRTAC
Birləşmiş Ştatlar və Meksika miqrasiya məsələsi üzrə sazişə nail olub, iyunun 10-na planlaşdırılan gömrük rüsumlarının tətbiqi dayandırılıb.
AZƏRTAC xəbər verir ki, müvafiq məlumat ABŞ Prezidenti Donald Trampın “Twitter” səhifəsində yerləşdirilib. Prezidentin sözlərinə görə, Meksika miqrasiya siyasətini sərtləşdirməyi öhdəsinə götürüb. “Meksika öz növbəsində bu ölkədən cənub sərhədlərimizə doğru irəliləyən mühacir axınının qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə razı olub”, - deyə Donald Tramp bildirib.
“Mexiko qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində təhlükəsizlik səviyyəsini artırmaq üçün tədbirlər görəcək. Meksika Milli Qvardiyası bütün ölkə ərazisinə yerləşdiriləcək, ilk növbədə, ABŞ-la sərhədə xüsusi diqqət ayrılacaq. Meksika, həmçinin insan qaçaqmalçılığı və alveri ilə məşğul olan təşkilatların ləğv edilməsi üçün qətiyyətli addımlar atacaq”, - Dövlət Departamenti tərəfindən çap edilən ABŞ-Meksika birgə bəyannaməsində belə deyilir.
Bununla yanaşı, tərəflər 90 gün ərzində miqrasiya məsələsini və bu istiqamətdə əlavə tədbirlərin mümkünlüyünü müzakirə edəcəklər. Bundan başqa, Birləşmiş Ştatlar və Meksika informasiya mübadiləsi və qanunsuz miqrasiya ilə mübarizə istiqamətində fəaliyyətlərin koordinasiyası da daxil olmaqla, ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Donald Tramp mayın 30-da miqrasiya böhranı ilə əlaqədar Meksikadan gətirilən məhsullara beş faiz rüsum tətbiq etmək barədə qərar qəbul etmişdi.
Meksika Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu il Mərkəzi Amerika, Karib dənizi hövzəsi və digər regionlardan gələrək ABŞ-a keçməyə çalışan mühacirlərin sayı xeyli artıb və bu ilin ilk rübündə 300 min nəfərə çatıb.