Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir
Bakı, 4 iyun, AZƏRTAC
Süni intellektin kibertəhlükəsizlik sahəsində tətbiqi təhlükələrin daha sürətli aşkarlanmasına və insidentlərə operativ reaksiyaya imkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Estoniyanın CR14 təşkilatının kibertəlimlər üzrə rəhbəri, NATO-nun Kooperativ Kibermüdafiə Mərkəzinin (CCDCOE) keçmiş kibertəlimlər direktoru Dan Cristian Ungureanu “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı səsləndirib. O bildirib ki, süni intellektin kibertəhlükəsizlik sistemlərinə inteqrasiyası mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə süni intellekt yardımçı rol oynayır və qərarlar insan tərəfindən verilir. Növbəti mərhələdə sistemlərin böyük hissəsi avtomatlaşdırılır, mütəxəssislər isə yalnız ən kritik hadisələrə fokuslanırlar. Son mərhələ isə tam avtonom fəaliyyət göstərən süni intellekt sistemlərinin yaradılmasıdır.
Dan Cristian Ungureanu qeyd edib ki, bu məqsədlə kibertəlimlər və xüsusi sınaq mühitləri formalaşdırılır. Burada süni intellektin davranışı, qərarvermə qabiliyyəti və təhlükələrə reaksiyası yoxlanılır. Onun sözlərinə görə, aparılan müşahidələr süni intellektin zəifliklərin aşkarlanması göstəricisini təxminən 30 faiz artırdığını göstərir. Bundan əlavə, texnologiya şəbəkə trafikində gizli nümunələri müəyyən edə və aşkarlanan təhdidlərə uyğun olaraq müdafiə qaydalarını avtomatik formalaşdıra bilir.
“Bu gün əsas sual süni intellektdən təhlükələrə daha sürətli cavab vermək üçün necə istifadə etməkdir. Sabahın sualı isə tam avtonom süni intellekt sistemlərinin necə işləyəcəyidir”, - deyə o vurğulayıb.