Abşeron Milli Parkına gələn hər bir ziyarətçi bu romantik nöqtəyə can atır
Bakı, 1 oktyabr, AZƏRTAC
“Qartalın dimdiyi” adlanan ərazi Abşeron yarımadasının, o cümlədən Abşeron Milli Parkının son nöqtəsidir. Həmin ərazini turistlər üçün daha maraqlı və yaddaqalan bir məkana çevirmək, orada rəmzi guşə yaratmaqla, onların yaddaşına həkk etmək olar. Çünki Abşeron Milli Parkına gələn hər bir ziyarətçi bu romantik nöqtəyə can atır.
Bu fikirlər "Azərbaycanda ekoturizmin inkişaf perspektivləri” mövzusunda keçirilən dəyirmi masada səsləndirilib. Nazirliyin nümayəndələri də bu maraqlı ideyanı dəstəklədiklərini və artıq bütün milli parklarda oxşar layihələrin üzərində iş aparıldığını bildiriblər.
Qeyd olunub ki, "Qartalın dimdiyi", “Şah dili” burnu ərazisi barədə rəvayətlər də mövcuddur. Təəssüf ki, indiyədək xalq arasında dolaşan bu rəvayətlərdən turistlərin cəlb edilməsi üçün istifadə edilməyib. "Qartalın dimdiyi" ərazisinin məhəbbət, saf duyğu və and məkanı olmasıyla bağlı müxtəlif rəvayətlər var. Onları toplayıb gələn turistlərə təqdim etmək istəyirik. Həmin nöqtədə rəmzi xarakter daşıyan guşə yaradılması ilə bağlı ideyalar da var. Yəqin ki, yaxın vaxtlarda bu layihələr reallaşdırılacaq.
Tədbirdə ekoturizmin inkişafı ilə bağlı turizm şirkətlərinin nümayəndələri tərəfindən də bəzi təkliflər və fikirlər də səsləndirilib. Qeyd edilib ki, Azərbaycanın gözəl təbiəti olan bəzi ərazilərinə maşınla və ya piyada getmək təhlükəlidir. Bu yerlərdə bir çox ölkələrdə olduğu kimi kanat yolları çəkilə bilər. Bildirilib ki, bunun üçün xarici təcrübədən yararlanmaq lazımdır. Xarici ölkələrdə turistlər vəhşi heyvanlar olan yerlərə təhlükəsiz şəkildə girə bilirlər. Azərbaycanda da belə imkanlar yaradılmalıdır.
Alman İnkişaf Bankının transsərhəd birgə katibliyi layihəsinin milli koordinatoru Ruslan Salmanov bildirib ki, Azərbaycan milli parklarının hər birinin girişində beynəlxalq standartlara cavab verən ekoturizm mərkəzlərinin yaradılması vacib məsələdir. Həmin mərkəzlərdə insanları qarşılayan məsul şəxslər olmalıdır: "Təəssüf ki, ölkənin milli parklarında bununla bağlı müəyyən boşluqlar var”.