ABŞERON RAYONU İCTİMAİYYƏTİ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ
Bu günlər abşeronlular, xüsusilə də Xırdalan şəhərinin sakinləri hədsiz sevinc içindədirlər.
Sizin abşeronluların böyük bir qrupunu Vətənin yüksək orden və medalları, fəxri adları ilə təltif etməyiniz, rayonumuza hamımızı şərəfləndirən unudulmaz, tarixi səfəriniz, bu günlərdə isə Xırdalan qəsəbəsinə şəhər statusu verilməsi, Abşeron və Binəqədi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunları imzalamağınız bizə böyük qürur, fərəh və sevinc bəxş etmişdir.
Cənab Prezident, bütün bunlar, Sizin Abşeron rayonuna, abşeronlulara, onların problemlərinin həllinə, rifahının yüksəlməsinə göstərdiyiniz və daim hiss etdiyimiz böyük qayğı və diqqətinizin əyani təcəssümüdür.
Sizin Abşeron rayonuna diqqət və qayğınızı ölkəmizin digər bölgələrinə münasibətinizdən ayırmaq mümkün deyildir.
Bilavasitə Sizin təşəbbüsünüz və rəhbərliyinizlə hazırlanıb qəbul olunmuş və uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı, imzaladığınız qanun, fərman və sərəncamlar, bölgələrə çoxsaylı səfərləriniz bütövlükdə müstəqil Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə və tərəqqisinə yönəlmiş siyasətinizin və səylərinizin bariz nümunəsidir.
Cənab Prezident, biz Sizin Vətənə, xalqa sevginizdən, qayğı və diqqətinizdən sonsuz fərəh və qürur duyur, ulu öndərimizin ideyalarının həyata keçirilməsindəki uğurlu fəaliyyətinizi alqışlayırıq.
İcazə verin, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildirək və çox sağ olun deyək.
Möhtərəm cənab Prezident!
Minnətdarlıq hissi ilə bildiririk ki, son bir ildə Abşeron rayonunda tərəqqiyə, inkişafa nail olunması da Sizin bilavasitə rəhbərliyiniz və səylərinizlə aparılan uğurlu siyasət, ölkəmizdə yaradılmış tələbkarlıq və işgüzarlıq şəraiti, mühüm qanunların və proqramların qəbul edilib həyata keçirilməsi sayəsində mümkün olmuşdur.
Qısa zamanda rayonda ciddi qayda və möhkəm intizam, tələbkarlıq və işgüzarlıq şəraiti yaradılmasına, qəsəbə və kəndlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində genişmiqyaslı quruculuq və abadlıq işlərinin aparılmasına, yeni məktəb binalarının tikintisinə, nümunəvi səliqə-sahman yaradılmasına imkan verən hərtərəfli dəstəyə görə də abşeronlular Sizə minnətdardırlar.
Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsini və ərazi-inzibati bölgüsündə qismən dəyişiklik edilməsini də bir çox illərin arzusundan məhz Siz reallığa çevirdiniz.
Azərbaycan xalqı ölkəmizin müstəqilliyi və inkişafı üçün son dərəcə vacib olan sülh, əmin-amanlıq və sabitlik şəraitində yaşamağımıza təminat verən düşünülmüş və uzaqgörən siyasətinizi və səylərinizi, insanların həyat səviyyəsinin durmadan yüksəlməsinə xidmət edən fəaliyyətinizi böyük razılıq və rəğbətlə qarşılayır.
Sizin səyləriniz sayəsində müstəqilliyimizin getdikcə daha da möhkəmlənməsi, iqtisadiyyatımızın yüksək inkişaf səviyyəsi, ölkəmizin regionda lider dövlətə çevrilməsi və beynəlxalq mövqelərinin güclənməsi hər bir azərbaycanlını ürəkdən sevindirir.
Möhtərəm cənab Prezident!
Göstərdiyiniz misilsiz qayğı və diqqəti bir an belə unutmayan abşeronlular Sizin rayonumuza gəlişinizin, imzaladığınız yeni qanunların yaratdığı böyük ruh yüksəkliyi şəraitində çalışırlar.
Biz üzərimizə böyük vəzifələrin və məsuliyyətin düşdüyünü, işlərimizə yenidən nəzər salmağın, imkanlarımızı götür-qoy etməyin vacibliyini, daha böyük işlər görməli olduğumuzu dərindən dərk edirik.
Sizin rayonumuzda olarkən söylədiyiniz “Son bir ildə rayonda görülmüş işlər görüləcək böyük işlərin başlanğıcıdır” sözləri hər bir abşeronlunun gündəlik fəaliyyətinin devizidir.
Əmin edirik ki, siyasətinizi birmənalı dəstəkləyən abşeronlular böyük diqqət və qayğınıza Sizin ətrafınızda daha sıx birləşməklə, əməli işlərlə cavab verəcək, Abşeron rayonunu inkişaf etmiş gözəl, abad bölgəyə çevirəcəklər.
Bir daha Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, müstəqil, qüdrətli Azərbaycan naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Müraciət Abşeron rayonu ictimaiyyəti nümayəndələrinin
2006-cı il dekabrın 2-də keçirilmiş toplantısında qəbul
edilmişdir