Abşeron rayonunun Fatmayı kəndində yeni tikilmiş poliklinika istifadəyə verilmişdir
Fatmayı, 8 may (AZƏRTAC). Abşeron rayonunda səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Rayonun kənd və qəsəbələrində yeni səhiyyə ocaqları tikilib istifadəyə verilir, mövcud tibb müəssisələri əsaslı təmir olunur.
AZƏRTAC xəbər verir ki, ən son tələblərə cavab verən avadanlıqla təchiz olunmuş poliklinika Fatmayı kənd sakinlərinə keyfiyyətli səhiyyə xidməti göstərəcəkdir.
Səhiyyə ocağının açılışında Abşeron rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni poliklinikanın açılışının bu gün keçirilməsinin heç də təsadüfi olmadığını demişdir. “Biz böyük azərbaycanlı, müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsindəyik. Ölkəmizin inkişafı, vətəndaşların rahatlığı, dəyişən, yeniləşən regionlarımız Ulu Öndərin xatirəsinə ən böyük ehtiramdır. Müstəqilliyimizin və suverenliyimizin xilaskarı, müasir Azərbaycanın qurucusu kimi tarixə düşən ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişaf perspektivlərini müəyyənləşdirən siyasi kursu bugünkü uğurlarımızın əsasını təşkil edir. Ulu Öndərin ölməz obrazı qədirbilən hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır”.
Natiq bildirmişdir ki, Ümummilli Liderin bizlərə əmanət qoyduğu müstəqil Azərbaycan onun ölməz ideyalarının işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır.
Qeyd olunmuşdur ki, Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən biridir. Son illər Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuşdur. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla təchiz olunması, həmçinin vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir.
Poliklinikanın baş həkimi Şücaət Zeynalova və kənd ağsaqqalları istifadəyə verilən səhiyyə ocağına görə Prezident İlham Əliyevə sakinlər adından minnətdarlıq bildirmişlər.
Məlumat verilmişdir ki, 2 mərtəbəli, 14 otaqlı bu səhiyyə ocağı xidmətin müxtəlifliyi ilə də fərqlənir. Burada müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır.
Poliklinika tibbin ən son nailiyyətləri olan avadanlıqla təmin edilmişdir.