ABŞERONDA KOMMUNAL XİDMƏTLƏRİN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Abşeron rayonunda keçirilmiş müşavirədə kommunal xidməti sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra hakimiyyəti başçısının kənd və qəsəbələr üzrə səlahiyyətli nümayəndələri, bələdiyyə sədrləri iştirak edirdilər. Tədbirdə rayon ərazisində kommunal xidmətlərin vəziyyəti, sərf olunan elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyərinin ödənişi ilə bağlı hesabat məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, son 7 ay ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində kommunal xidmətlərin vəziyyəti xeyli yaxşılaşmış, kənd və qəsəbələrdə 100-dən artıq elektrik transformatorları quraşdırılmış, kilometrlərlə təbii qaz, içməli su və kanalizasiya xətləri çəkilmişdir. Lakin sərf olunan enerjinin və içməli suyun dəyərinin toplanmasındakı vəziyyət narahatlıq doğurur. Belə ki, cari ilin mart ayı üzrə ödəmələr təbii qaza görə 22, elektrik enerjisinə görə 24, içməli suya görə isə 14 faiz təşkil etmişdir.
Müşavirədə mövcud vəziyyətin aradan qaldırılması ilə əlaqədar tapşırıqlar verilmişdir. Enerji idarələrinin cavabdeh şəxslərinin yarıtmaz fəaliyyəti qeyd edilmiş, nöqsanlar konkret faktlarla diqqətə çatdırılmışdır. Xüsusi vurğulanmışdır ki, ödəmələrin hesablanmasında yerli enerji idarələrinin cavabdeh şəxsləri tərəfindən bilərəkdən nöqsanlara yol verilmişdir.
Açıq diskussiya və özünütənqid şəraitində keçən müşavirədə işdə yol verdiyi ciddi nöqsanlara görə Qobu qəsəbəsi üzrə icra nümayəndəsi Akif Qasımov tutduğu vəzifədən azad olunmuşdur. Bir neçə vəzifəli şəxsə töhmət və şiddətli töhmət elan olunmuş, son xəbərdarlıqlar edilmişdir.