CƏMİYYƏT
Aclıq və piylənməyə qarşı mübarizə üzrə Çərçivə Fəaliyyət Proqramı qəbul edilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 19-21-də Romada, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qərargahında qidalanma məsələləri üzrə II Beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, FAO və Dünya Səhiyyə Təşkilatının (DST) birgə təşkil etdikləri tədbirə dünyanın 190 ölkəsinin, BMT qurumlarının, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin, fondların, özəl biznesin və digər sektorların nümayəndələri qatılıblar. Konfransda kənd təsərrüfatı, səhiyyə və digər sektorların 100-dən çox naziri iştirak edir. Bundan əlavə, tədbirdə Roma Papası Fransisk və İspaniya kraliçası Letisiya işrtirak edirlər.
DST-nin baş direktoru Marqaret Çen bildirib ki, kənd təsərrüfatı sahəsində düşünülmüş siyasətin vacibliyi, ərzaq və yeyinti məhsulları istehsalı bu gün daha qabarıq hiss olunur. Odur ki, qidalanma məsələləri üzrə beynəlxalq konfransın əhəmiyyəti çox böyükdür. M.Çen deyib: “XXI əsr cəmiyyətində hər şey qarşılıqlı əlaqəlidir. Aviadaşımalar, ticarət genişlənir, sərhədlər silinir. Buna görə ərzaq və yeyinti sahəsində tələb olunan siyasət belə əməkdaşlığı möhkəmləndirməyə yönəlməlidir”.
BMT-nin Baş katibi Pan Gi Mun konfrans iştirakçılarına videomüraciətində deyib: “İndi biz səylərimizi ikiqat artırmalıyıq. Hər birinizin öz üzərinə müəyyən öhdəlik götürməsi barədə xəbərləri səbirsizliklə gözləyirəm. BMT öz növbəsində səmərəli dəstək göstərmək üçün əlindən gələni etməyə hazırdır”.
FAO-nun başçısı Joze Qratsiano da Silva vurğulayıb ki, birinci konfransın keçirildiyi vaxtdan 22 il ötüb. Bu müddət ərzində çoxlu nailyyətlər olub, lakin qidalanmanın qənaətbəxş olmaması problemi əvvəlki kimi milyonlarla insanın həyatına ziyan vurur və bütün cəmiyyətə toxunur. O deyib: “Dünyada hamı üçün yetərli qədər ərzaq var, lakin ərzağın olması avtomatik surətdə sağlam qidalanmaya gətirib çıxarmır. Bu gün biz istehsalat sistemlərimizi yenidən qurmağın nə dərəcədə zəruri olduğunu başa düşürük. Hökumətlər sağlam qidalanmaya yol açmalıdırlar”.
Konfransın gedişatında qidalanma məsələlərinə dair Roma Bəyannaməsi və Çərçivə Fəaliyyət Proqramı qəbul edilib.
Çərçivə Fəaliyyət Proqramı siyasət və strategiya tədbirləri üzrə 60 tövsiyədən ibarət siyahıdır. Bu tövsiyələr qidalanmanı yaxşılasdırmaq üçün qidalanma, səhiyyə, kənd təsərrüfatı, inkişaf və investisiyalar sahəsində milli planlarda nəzərə alına bilər.