CƏMİYYƏT
ADA Universitetində “Çili: xalq və mənzərə” adlı fotosərgi açılıb
![](/files/galleryphoto/2022/3/1200x630/16669638233858416349_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666963823426831042_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666963823201238868_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669638235950236068_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669638237757907_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666963823653631063_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669638234291944506_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669638231425428213_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669638233693063624_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669638232992652907_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də ADA Universitetində “Çili: xalq və mənzərə” adlı fotosərginin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, fotosərgi ADA Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, İnkişaf və Diplomatiya İnstitutunun və Çili Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə açılıb. Fotosərgidə Çilinin zəngin təbiəti, xalqının yaşam tərzi və maraqlı məkanları nümayiş etdirilib. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, dini və milli icma rəhbərləri də iştirak ediblər.
Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, ADA bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qeyd edilib ki, hazırda Azərbaycan və Çili arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bu sərgi ictimaiyyətin Çili haqqında təsəvvürünü daha da zənginləşdirəcək.
Çili Respublikasının Azərbaycandakı səfiri Rodriqo Arkos ölkəsinin beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiyini diqqətə çatdırıb: “Bizim münasibətimiz hər il daha da inkişaf edir. Bu gün açılan sərgi Çilinin həyatını təsəvvür etməyinizə kömək edəcək. Bu sərgidə Çilidə yaşayan insanların yaşayış tərzini, mədəniyyətini, relyefini, coğrafiyasını daha yaxından görəcəksiniz”.
Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman çıxışında bildirib ki, bu fotosərginin təşkili Çili haqqında bilikləri artıracaq. Azərbaycan özünün multikulturalizm modeli ilə dünyaya örnəkdir. Ölkəmizdə əsrlər boyu digər xalqların mədəniyyətinə hörmətlə yanaşılıb. Bugünkü sərginin təşkili Çilini və sənəti sevənlər üçün gözəl təşəbbüsdür.
Sonda iştirakçıların Çili haqqında sualları cavablandırılıb.