ADMİU-da süni intellekt laboratoriyası yaradılacaq, müəllimlərin rəqəmsal bacarıqları inkişaf etdiriləcək
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2026-2030-cu illər üzrə inkişaf strategiyasında rəqəmsal transformasiya, süni intellektin tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet məsəllər kimi müəyyənləşdirilib. Strategiya çərçivəsində universitetdə vahid elektron informasiya platformasının yaradılması, kitabxana resurslarının rəqəmsallaşdırılması, beynəlxalq kitabxana sistemlərinə çıxış imkanlarının artırılması və innovativ kitabxana modelinin formalaşdırılması nəzərdə tutulur.
Universitetdən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ADMİU-da “Süni intellekt siyasəti” sənədinin hazırlanması, süni intellekt laboratoriyasının yaradılması, bu texnologiyaların tədris və idarəetmə proseslərinə tətbiqi, eləcə də tələbə və müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi planlaşdırılır.
Strategiyanın digər mühüm istiqaməti universitetin beynəlxalq mövqeyinin gücləndirilməsidir. Xarici ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının genişləndirilməsi, beynəlxalq yay və qış məktəblərinin təşkili, akademik mobilliyin artırılması və xarici tələbələrin cəlb olunması nəzərdə tutulur. ADMİU-nun “Times Higher Education” və QS kimi beynəlxalq reytinq sistemlərinə daxil olması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi universitetin regional ali məktəbdən beynəlxalq yaradıcı təhsil mərkəzinə çevrilməsi məqsədinə xidmət edir.
Yeni strategiya çərçivəsində yaradıcı laboratoriyaların, eksperimental platformaların, festival və sərgi fəaliyyətlərinin inkişaf etdirilməsi də planlaşdırılır. Bu yanaşma təhsil, elm və yaradıcılığın inteqrasiyasını gücləndirərək ali incəsənət təhsilində yeni imkanlar yaradacaq.
Müxbir - Tünzalə Zeyvəliyeva