ADNSU ilə Türk universitetləri və müəssisələri arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Zonquldak Bülent Ecevit Universiteti və “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti arasında əməkdaşlıq görüşü olub.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Görüş çərçivəsində Zonquldak Bülent Ecevit Universitetinin rektoru professor İsmail Hakkı Özölçer və “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin (TPAO) Azərbaycan rəhbəri Halil Buğra Yavuz və nümayəndə heyəti ADNSU-nun və Azərbaycan-Fransız Universitetinin (UFAZ) tədris laboratoriyalarında, Lazer Mərkəzi, Heydər Əliyev adına lektoriya, universitetin tarix muzeyi və Türkiyə-Azərbaycan Dostluq Mərkəzində olub, auditoriyaları gəzib və tədris üçün yaradılan şəraitlə tanış olublar.
ADNSU-nun rektoru professor Mustafa Babanlı nümayəndə heyəti ilə görüşüb, universitet, əməkdaşlıq əlaqələri və yeni layihələr haqqında ətraflı məlumat verib.
Zonquldak Bülent Ecevit Universitetinin rektoru İ.Özölçer və TPAO-nun Azərbaycan rəhbəri Halil Buğra Yavuz birgə tədris, təcrübə, xüsusən neft sahəsində tədris aparılmasında maraqlı olduqlarını bildiriblər.
Sonra Türkiyə nümayəndə heyəti ilə ADNSU-nun Qaz-neft-mədən və Geoloji kəşfiyyat fakültələrinin professor-müəllim heyəti arasında keçirilən görüşdə birgə tədrisin təşkili istiqamətində görüləcək işlər və neft sahəsində yeniliklər geniş müzakirə olunub.