ADNSU-nun müəllimi Tomar Politexnik Universitetində milli startap layihələri haqqında məlumat verib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ümumi və tətbiqi riyaziyyat kafedrasının müəllimi Elviz İsmayılov Portuqaliyanın Tomar şəhərində “Erasmus+ KA2”, “MAGNUS - Partnyor universitetlərində mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində “Entrepreneurship” kursunda iştirak edib.
ADNSU-dan AZƏRTAC-a bildirilib ki, kurs çərçivəsində E.İsmayılov Tomar Politexnik Universitetinin müəllim heyətinə Azərbaycanda startap mühitinin vəziyyəti, inkişafı, mövcud layihələr və bu istiqamətdə şəxsi təcrübəsindən danışıb.
Tədbir çərçivəsində Portuqaliyanın Tomar Universiteti və İngiltərənin Derbi Universitetinin professorları Azərbaycanın ali məktəblərinin əməkdaşlarına layihələrin qiymətləndirilməsi mexanizmi, informasiya texnologiyaları və kompüter elmləri haqqında təlimlər keçiblər. Avropada bu istiqamətdə keçirilən yarışlar haqqında geniş məlumat verilib.