ADPU-da magistrlik dissertasiyalarının müdafiəsinə başlanılıb
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və innovasiyalar üzrə prorektorluğun təşkilatçılığı ilə magistrlik dissertasiyalarının müdafiəsi ilə bağlı yaradılmış ixtisaslaşdırılmış şuraların məsul şəxsləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
İxtisaslaşdırılmış şuraların sədr, sədr müavini və elmi katiblərinin iştirakı ilə keçirilən iclasda elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov giriş sözü ilə sıxış edib. Bildirilib ki, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdı¬rılmış şuraların sədrlərinin təsdiqi barədə” elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2026-cı təqvim ili üçün universitetdə müvafiq ixtisaslaşdırılmış şuralar yaradıllb. Bu il sonuncu tədris ilində təhsil alan 465 magistrantdan 390-a yaxını magistr ali elmi-ixtisas dərəcəsi almaq üçün magistrlik dissertasiyası müdafiə edəcəklər. Bununla yanaşı ixtisaslaşdırılmış şuraların məsul şəxslərinə magistrlik dissertasiyasının müdafiəsinin təşkili, keçirilməsi və nəticələrin qiymətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələr çatdırılıb.
Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”a uyğun olaraq əsas tələblər, təşkilati məsələlər, o cümlədən müdafiə prosesi, sənədləşmə ilə bağlı məlumat verib.
Sonra ixtisaslaşdırılmış şuraların məsul şəxslərinin sualları cavablandırılıb, çıxışlar dinlənilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində 2025-2026-cı tədris ili üzrə sonuncu tədris ili magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsinə artıq başlanılıb. Belə ki, SABAH qrupları üzrə “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşmasında magistrlik dissertasiyalarının müdafiəsi keçirilib. Magistrantların dissertasiya işlərinin elmi rəhbərləri Türkiyənin Hacettepe Universitetinin professorları Səlahəttin Gelbal, Buket Akkoyunlu və Salih Bardakçı da müdafiə prosesində iştirak ediblər.