ADU Çində keçirilmiş beynəlxalq konfranslarda təmsil olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin Şanxay şəhərində keçirilmiş 23-cü Beynəlxalq Peşəkar Mübadilə Konfransında iştirak edib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Çin İnsan Resursları və Sosial Təminat Nazirliyinin və Şanxay Bələdiyyəsinin dəstəyi ilə təşkil olunub. Konfransda 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər. Tədbirin əsas təşkilatçıları Pekin Beynəlxalq Araşdırmalar Universiteti və Çin Regional Araşdırmalar Konsorsiumu olub. Konfransda süni intellektin mədəniyyətlərarası təhsilin innovativ inkişafında rolu, mədəniyyətlərarası təhsil sistemləri üçün kadr hazırlığı, informasiya cəmiyyətində təhsilin inkişaf tendensiyaları, fənlərarası yanaşma və regionşünaslıqda innovativ metodların tətbiqi kimi mövzular müzakirə olunub.
R.Abbasov konfrans çərçivəsində “Qlobal rəqəmsal cəmiyyət kontekstində mədəniyyətlərarası təhsil üçün resurs təminatı”, “Xarici dillərin tədrisində süni intellektin tətbiqi”, “Regionşünaslıq üzrə magistr tələbələrinin hazırlanmasında innovativ texnologiyalar” və “Beynəlxalq təhsildə rəqəmsal transformasiyanın müasir problemləri” mövzularında keçirilən panel müzakirələrində iştirak edib. O, həmçinin Pekin Xarici Dillər Universitetinin vitse-prezidenti Çjao Qan ilə görüşüb. Görüş zamanı R.Abbasov beynəlxalq münasibətlər və qlobal proseslər kontekstində regional inkişaf üçün ekspert tövsiyələrinin hazırlanmasında süni intellektin rolunu vurğulayıb.
O, Azərbaycan Dillər Universitetinin təsisçilərindən biri olduğu Xarici Dillər Universitetlərinin Qlobal Alyansının 5-ci Prezident Forumunda, Hançjouda humanitar təhsildə süni intellektin istifadəsinin əhəmiyyətinə və beynəlxalq əlaqələrin gücləndirilməsinə həsr olunmuş konfransda da iştirak edib.