ADU-da Çin universitetləri ilə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda institutun direktorları Rafiq Abbasov və Li Cihua ilə Şandun Elm və Texnologiya Universitetinin Beynəlxalq Mübadilə Məktəbinin dekanı Fan Çjicyan arasında görüş keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Çinin aparıcı universitetləri ilə əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən tələbə mübadiləsi, Çin dilinin öyrənilməsi üçün informasiya resurslarının birgə inkişafı, Çin dili və Çinşünaslıq üzrə qısamüddətli təhsil proqramlarının təşkili müzakirə olunub. Tərəflər, həmçinin iki universitetin tələbələrinin təcrübə və praktiki təlim keçmələri üçün birgə təhsil müəssisələrinin yaradılması, Çin dilinin tədrisində innovativ metodların tətbiqi və Azərbaycan ilə Çin arasında mədəniyyətlərarası dialoqun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Fan Çjicyan ADU-nun Çinşünaslıq tələbələrinə Şandun Elm və Texnologiya Universitetinin tarixi və akademik fəaliyyəti haqqında mühazirə oxuyub. Mühazirədə Çin dili üzrə bakalavr, magistr və doktorantura proqramları, eləcə də Çində təhsil alan beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təqdim olunub.
Sonda Fan Çjicyan tələbələrin Çin universitetlərinə qəbul üçün əsas tələblər, təqaüd prosedurları, Çindəki təhsil və tələbə həyatının xüsusiyyətləri və peşəkar inkişaf perspektivləri ilə bağlı suallarını cavablandırıb.