ADU-da “Narkotiklər və QİÇS: hüquq və sağlamlıq perspektivi” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Narkotiklər və QİÇS: hüquq və sağlamlıq perspektivi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.
Tədbirdə ADU-nun İngilis-fransız dilləri fakültəsinin dekanı və kafedra müdiri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Bakı şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu, müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ətrafında çıxış edən aidiyyəti qurumların nümayəndələri narkomaniyanın insan sağlamlığına törətdiyi fəsadlardan, psixoloji duruma və sosial mühitə göstərdiyi təsirlərdən geniş bəhs ediblər. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib. QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Diskussiya şəkilində davam edən tədbirdə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin bu sahədə məlumatlılığının artırılması və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.