İQTİSADİYYAT
AERA ilə Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib
![AERA ilə Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri arasında görüş keçirilib](/files/2022/3/1200x630/16686904083419240300_1200x630.jpg)
Bakı, 17 noyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndələri arasında görüş keçirilib.
AERA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, EBRD-nin Türkiyə və Qafqazda enerji məsələləri üzrə regional rəhbəri David Manaqadze, eləcə də hər iki qurumun digər nümayəndələri iştirak ediblər.
Görüş zamanı Samir Axundov EBRD-nin həyata keçirdiyi “Azərbaycan Respublikasında yeni yaradılmış Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsinin ikinci mərhələsi üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O bildirib ki, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsinin son versiyası üzərində işlər tamamlanaraq aidiyyəti quruma təqdim edilib, qanun layihəsindən irəli gələn istiqamətlər üzrə ikinci dərəcəli normativ-hüquqi sənəd layihələri, eyni zamanda, müvafiq daxili qaydalar hazırlanıb.
İdarə Heyətinin sədri, həmçinin vurğulayıb ki, qeyd olunan layihə çərçivəsində müəyyən edilmiş aktual mövzular üzrə AERA-nın əməkdaşlarının kadr potensialının artırılması məqsədilə beynəlxalq ekspertlərlə onlayn görüşlər təşkil edilib.
Görüş layihə üzrə atılacaq növbəti addımların müzakirəsi ilə başa çatıb.