İQTİSADİYYAT
AFAQ layihəsi çərçivəsində tərəfdaşların ilkin planlama seminarı keçirilib
![](/files/galleryphoto/2020/1/1200x630/1580739690278444483_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1580739690783530827_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15807396902475039281_1200x630.jpg)
Bakı, 3 fevral, AZƏRTAC
AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC (ATT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Ofisinin (“Food and Agriculture Organization”) birgə təşkilatçılığı, layihə tərəfdaşlarının və layihəyə qoşulan qadın fermerlərin iştirakı ilə ilkin planlama seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarın təşkilində əsas məqsəd layihə tərəfdaşları ilə iş planı üzrə interaktiv müzakirələr aparmaq, tərəfdaşların rolu və məsuliyyətləri daxil olmaqla institusional tənzimləmələrin həyata keçirilmə qaydalarını aydınlaşdırmaqdır.
Tədbirdə ATT idarə heyətinin sədri Leyla Məmmədova, FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin Proqramlar üzrə mütəxəssisi Kaan Başaran, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Layihə və proqramlar şöbəsinin müdiri Leyli Ağayeva, FAO Azərbaycan Tərəfdaşlıq Proqramının meneceri Namiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rahil Süleymanzadə və FAO-nun Avropa və Orta Asiya üzrə Regional Ofisinin gender və sosial müdafiə müşaviri Dono Abdurazakova layihə çərçivəsində bu günədək görülmüş işlərdən danışıblar. Bildiriblər ki, artıq müxtəlif regionlarda qadın fermerlərlə görüşlər keçirilib, onların ehtiyacları müəyyənləşdirilib. AFAQ qida təhlükəsizliyinə və kənd yerlərində sosial rifahın yaxşılaşmasına töhfə verəcək, regionlarda yaşayan qadın fermerlərin informasiya və maliyyə resurslarına əlçatanlığına eyni dərəcədə şərait yaradacaq. Qadın fermerlərə təlim və konsultasiya ilə yanaşı, texniki dəstək də göstəriləcək. AFAQ fermer qadınların maddi gəlirlərini artıraraq kənd icmalarının iqtisadi inkişafına nail olacaq. Belə ki, tərəfdaş qurumlar qadın fermerlərin təsərrüfatlarında istehsal olunan məhsulların satışına da dəstək göstərəcək. Tədbirdə, həmçinin layihəyə növbəti bir il ərzində müraciətlərin qəbulunun da davam edəcəyi bildirilib.
Qeyd edək ki, AFAQ layihəsinin icrasına ötən ilin sonundan başlanılıb. Layihə aqrar sahədə çalışan qadınların dəstəklənməsi, bu sahədə gender bərabərliyinin təmin olunması, regionlarda məşğulluğun artırılması, eləcə də kənd yerlərində yaşayan insanların sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilir.