İDMAN
AFFA və FIFA prezidentləri arasında görüş keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FIFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilmişdir.
AFFA-dan AZƏRTAC-a bildirmişlər ki, son illər ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər barədə beynəlxalq futbol qurumunun rəhbərinə məlumat verən R.Abdullayev bu sahədə dövlət başçısının qayğısını xüsusilə qeyd etmişdir.
Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə ötən il ölkəmizdə futbol üzrə 17 yaşadək qadınlararası dünya çempionatı lazımi səviyyədə təşkil olundu. Bununla yanaşı son illər infrastrukturun genişləndirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. AFFA tərəfindən beynəlxalq standartlara cavab verən “8 km” və Bayıl stadionu istifadəyə verilmiş və ölkəmizin müxtəlif ərazilərində yeni stadionlar inşa olunur.
Bakı şəhərində tikilən Olimpiya, Sumqayıt və Qəbələ şəhər stadionları barədə FIFA prezidentinə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, AFFA bundan sonra da beynəlxalq futbol qurumu ilə əməkdaşlığını daim genişləndirməyə, verilən tövsiyələrə layiqincə əməl etməyə və birgə layihələri yüksək səviyyədə həyata keçirməyə çalışacaqdır.
Regionda ilk dəfə olaraq ötən il ölkəmizdə keçirilən “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan - 2012”nin yüksək səviyyədə təşkilinə dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirən FIFA prezidenti Yozef Blatter AFFA rəhbərliyinin bu sahədə fəaliyyətindən razı qaldığını qeyd etmişdir. Bildirmişdir ki, FIFA-nın regionda əsas tərəfdaşlarından birinə çevrilən AFFA digər beynəlxalq yarışları da təşkil etməyə hazır olduğunu təsdiqləmişdir.
Y.Blatter demişdir: “FIFA U-17 qadınlararası dünya çempionatının təntənəli açılış mərasimində iştirak etdikdən və dövlət başçısı İlham Əliyevlə görüşdən sonra bir daha əmin oldum ki, ölkənizdə insan sağlamlığının ilkin mənbələrindən olan idmanın tərəqqisinə böyük diqqət yetirilir. Dünya çempionatının belə möhtəşəm şəkildə keçirilməsinin gələcəkdə digər ölkələr üçün nümunə hesab ediləcəyinə əminəm. Bir sözlə, FIFA-nın 17 yaşadək qadınlararası dünya çempionatının ilk dəfə olaraq müsəlman ölkəsində - Azərbaycanda keçirilməsi ilə bağlı etimadını doğrultduğuna görə ölkənizin ictimaiyyətini təbrik edir və belə yarışlara ev sahibliyi etmək üçün təklifinizi daim yüksək dəyərləndirəcəyimizi bildiririk”.
Azərbaycanda inşa olunan stadionların maketləri ilə bağlı hazırlanan məlumatlar əyani olaraq FIFA rəhbərliyinə təqdim olunduqdan sonra xatirə şəkli çəkdirilmişdir. Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier, FIFA-nın üzv assosiasiyalar və inkişaf üzrə direktoru Thierry Regenass və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak etmişlər.