CƏMİYYƏT
Afrika ölkələri Ebola epidemiyasına qarşı mübarizə strategiyasını təsdiq etmişlər
Bakı, 5 iyul (AZƏRTAC). Qərbi Afrikanın 11 ölkəsinin səhiyyə nazirləri təcili müşavirədə Ebola virusunun yayılmasına qarşı birgə mübarizə strategiyasını təsdiq etmişlər. Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə keçirilən müşavirə iki gün davam etmişdir. Onun nəticələrinə əsasən, ölümcül qızdırmanın yayılmasına qarşı mübarizədə Afrika ölkələrinin səhiyyə idarələrinin əməkdaşlığının gücləndirilməsi barədə razılaşma əldə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, DST yeni strategiya çərçivəsində mənzil-qərargahı Qvineyada yerləşən regional profilaktika mərkəzi açacaq və ona müntəzəm maddi-texniki dəstək göstərəcəkdir.
DST-nin səhiyyənin təhlükəsizliyi üzrə baş direktorunun köməkçisi Keyci Fukuda ötən görüşün nəticələrini şərh edərək bildirmişdir ki, Ebola virusunun yayılmasının bəşəriyyətə vura biləcəyi ziyanın potensial miqyasını hazırda dəqiq qiymətləndirmək mümkün deyildir. O demişdir: “Mən həqiqətən ümid bəsləyirəm ki, yaxın bir neçə həftə ərzində biz bu xəstəlikdən ölüm hallarının azalmasının şahidi olacağıq”.
Ekspertlərin fikrincə, dövlətlər arasında sərhədlərin bağlanması deyil, məhz insanlarla iş aparılması epidemiyanın qarşısını almağın ən səmərəli üsulu ola bilər.
Dünya Səhiyyə Təşkilatının nümayəndələri ötən həftə bildirmişlər ki, Ebola virusu epidemiyası nəzarət altındadır. Buna baxmayaraq, DST region ölkələrinə, o cümlədən Mali, Kot dˈİvuar, Qvineya-Bisau və Seneqala müraciət edərək, onları Ebola qızdırmasının mümkün epidemiyasına hazır olmağa çağırmışdır.
Ebola hemorragik qızdırması infeksiyaya yoluxmuş insanın qanı və ifrazatı, çirkləndirdiyi əşyalarla təmas nəticəsində yayılan ölümcül xəstəlikdir. Dünyada Ebola qızdırmasının spesifik müalicəsi və ya ona qarşı səmərəli vaksin yoxdur.
Qeyd edək ki, Ebola qızdırması artıq 470 adamın ölümünə səbəb olmuşdur.