AĞ EV İRAN PREZİDENTİNİN TƏKLİFİNİ QƏBUL ETMƏDİ
Mahmud Əhmədinejad “Bəsic” islam milisinin yarımhərbi birləşmələrinin döyüşçüləri qarşısında çıxışında demişdir ki, İran “Birləşmiş Ştatlara və Böyük Britaniyaya İraq girdabından çıxmağa kömək edə bilər, amma bir şərtlə ki, onlar öz dünyagörüşünü dəyişəcəklərini vəd etməlidirlər”.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi xanım Culi Risayd bu bəyanatı şərh edərək bildirmişdir ki, onun ölkəsi “təzə bir fikir eşitməmişdir. İranlılar bu cür təklifləri əvvəllər də irəli sürmüşlər”.
ABŞ Konqresində bir çox demokratlar, habelə Corc Buşun ən yaxın müttəfiqi - Böyük Britaniyanın Baş naziri Toni Bleyer son günlər belə bir fikir söyləmişlər ki, İraqda zorakılığı cilovlamaq səylərinə hansı bir yollasa Tehranı və Dəməşqi də cəlb etmək lazımdır.
Lakin Ağ ev bu ideyanı hələlik dəstəkləmir. Dövlət katibi Kondoliza Rays demişdir: “Mən İranın İraqda sabitliyin bərqərar edilməsinə öz töhfəsini verməyə hazır olduğunu görmürəm. Suriyanın da sabitləşdirici qüvvə olmaq istədiyini göstərən heç bir amil yoxdur”.
Təhlilçilərin fikrincə, Ağ ev başa düşür ki, İran və Suriya öz yardımının müqabilində hansısa siyasi güzəştlər tələb edə bilərlər. Məsələn, Tehranın uranı saflaşdırmasını dayandırmağa nail olmaq üçün ABŞ-ın göstərdiyi cəhdlər də bu qəbildəndir. Dəməşq isə Livanda öz nüfuzunun bərpa edilməsində maraqlıdır.