Ağarza Bayramov: Bundan sonra mütəmadi olaraq tibbi müayinədən keçəcəyəm
Şamaxı, 18 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə əhalisinin sağlamlığının qorunması məqsədilə fevralın 17-dən etibarən vətəndaşların tibbi müayinədən keçirilməsi hər yerdə olduğu kimi, Şamaxıda da böyük razılıqla qarşılanmışdır.
AZƏRTAC-ın müxbiri fevralın 18-də Şamaxı Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinəyə gəlmiş veteranlar şurasının sədri, 69 yaşlı Ağarza Bayramovla görüşüb ondan müsahibə almışdır.
- Ağarza müəllim, Prezident İlham Əliyevin bu humanist tapşırığı Şamaxı ağsaqqalları, ümumən şamaxılılar tərəfindən necə qarşılanmışdır?
- Bu, çox böyük işdir. Doğrusu, xəstələnməsək, səhhətimiz ağırlaşmasa yadımıza həkimə getmək, müayinədən keçmək düşmür. Budur, yüzlərlə insan, o cümlədən veteranlar xəstəxanaya gəliblər. Müasir tibbi avadanlıqlarla yoxlamadan keçirlər. Müalicəyə ehtiyacı olanları xəstəxanaya yazırlar. Səhhətində problemi olmayanlara məsləhətlər verilir.
Bütün bunlar Prezidentimizin öz vətəndaşlarına, onların sağlamlığına göstərdiyi diqqət və qayğının təzahürüdür. Biz Prezidentimizə minnətdarıq.
- Müayinədən keçmisiniz. Həkimlərin münasibətindən, işin təşkilindən razısınızmı?
- Əlbəttə, çox razıyıq. Başdan ayağadək müayinə etdilər. Özü də çox müasir tibbi avadanlıqlarla. Doğrusu, bu cihazların bəzisini ilk dəfə idi ki, görürdüm. Axı, bayaq dediyim kimi, həkimə gəlmək yadıma da düşmürdü, hətta xəstələnəndə də. Həkimlərdən çox məsləhətlər aldım, özü də faydalı məsləhətlər. Bundan sonra mütəmadi olaraq tibbi müayinədən keçəcəyəm.