Ağcabədi komandası “Zəkaların mübarizəsi” olimpiadasının region mərhələsinin qalibi olub
Ağdam, 22 aprel, AZƏRTAC
Aprelin 21-də Ağdam şəhərində “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil müəssisəsində təşkil olunmuş yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bilik yarışının açılış mərasimində çıxış edən Qarabağ Regional Təhsil İdarəsi tədrisin keyfiyyəti sektorunun müdiri Elməddin Bəşirov olimpiadanın əhəmiyyətindən danışıb, bu cür yarışların şagirdlərin intellektual inkişafında və onların gələcək uğurlarında mühüm rol oynadığını vurğulayıb.
Bilik yarışında hər bir yerli təhsil sektorundan 6 nəfərdən ibarət IX-XI sinif şagirdləri riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.
Bilik yarışının yekun nəticəsinə əsasən Ağcabədi rayon üzrə təhsil sektorunun şagirdlərindən ibarət komandası region mərhələsinin qalibi olub. Qalib komanda “Zəkaların mübarizəsi” olimpiadasının respublika mərhələsində Qarabağ Regional Təhsil İdarəsini təmsil edəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində təşkil olunan “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.
Müxbir – Tahir Ağaməmmədov