Ağcabədi sakinlərindən 950 nəfəri ambulator,130 nəfəri isə stasionar müalicəyə cəlb edilmişdir
Ağcabədi, 14 mart (AZƏRTAC, Tahir Ağaməmmədov). Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov AZƏRTAC-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün müvafiq komissiya yaradılmış, səhiyyə müəssisələrində iş qrafiki tərtib edilmişdir. Tibbi müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanası Prezidentin Sərəncamına əsasən ayrılmış vəsait hesabına inşa edilərək ötən il istifadəyə verilmiş, bütün şöbələr ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Aksiya çərçivəsində yaradılmış 8 həkim briqadası tərəfindən isə kəndlərdəki sahə xəstəxanalarında və həkim məntəqələrində müayinələr aparılır.
Fevralın 17-dən indiyədək 32 minədək sakin müayinə olumuşdur. Onlardan 950 nəfəri ambulator, 130 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 76 nəfər isə respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Qrafikə əsasən indiyədək 69 idarə, müəssisə və təşkilatların kollektivləri, Ağcabədi şəhərinin və dörd kəndin sakinləri müayinədən keçirilmişdir.
Prezident İlham Əliyevin əhalinin sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən hədsiz minnətdarlıqla qarşılanır.