Ağcabədidə bir gündə 1200-dən çox sakin müayinə olunmuşdur
Ağcabədi, 17 fevral (Tahir Ağaməmmədov, AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının iştirakı ilə ötən il istifadəyə verilmiş mərkəzi rayon xəstəxanasında əhalinin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılmışdır. Xəstəxananın baş həkimi Novruz Abbasov AZƏRTAC-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkil keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, xəstəxanada iş qrafiki tərtib edilmişdir. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən gün ərzində əsasən şəhər ümumtəhsil məktəblərinin və uşaq bağçalarının kollektivləri olmaqla, 1200 nəfərdən çox vətəndaş tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar edilən vətəndaşlar rayon xəstəxanasında müalicə ediləcəklər. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəklər.
Ağcabədi şəhər 2 saylı uşaq bağçasının müdiri Səadət Həsənova xəstəxanada yaradılan şəraitdən, vətəndaşların müayinəsinin təşkilindən razı qaldığını söyləmiş, göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə etmişdir.