Ağcabədidə əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir
Ağcabədi, 4 aprel (AZƏRTAC). Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı yanında şura iclasında əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir.
AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin pulsuz tibbi müayinəsinin keçirilməsinə dair tapşırığının Ağcabədidə də böyük ruh yüksəkliyi ilə icra olunduğunu demişdir. Bildirilmişdir ki, tibbi müayinələrin təşkili məqsədi ilə yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Sakinlər onların sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov, mərkəzi rayon xəstəxanasının baş həkimi Novruz Abbasov və başqaları çıxış edərək əhalinin tibbi müayinədən keçirilməsinin gedişindən danışmışlar. Məlumat verilmişdir ki, indiyədək rayon üzrə 48 min 542 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 1250 nəfəri ambulator, 270 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Şəhərdə və 14 kənddə, 69 idarə və müəssisədə əhalinin tibbi müayinələrdən keçirilməsi başa çatmışdır.
Yığıncaqda aksiyanın uğurla başa çatdırılması üçün qarşıda duran vəzifələrdən danışılmış, təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.