AĞCABƏDİDƏ FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 63-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 9-da Ağcabədi rayonunda faşizm üzərində qələbənin 63-cü ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin, “20 Yanvar” abidəsinin və Qarabağ müharibəsində həlak olanların məzarları üzərinə gül-çiçək qoymuş, şəhidlərin ruhuna dualar oxumuşlar.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının işçiləri, idarə və müəssisə rəhbərləri, İkinci Dünya müharibəsi və Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Ağcabədi şəhərindəki “Cavid” şadlıq sarayında II Dünya müharibəsi veteranlarının şərəfinə ziyafət verilmişdir. Müharibə veteranlarının hər birinə 150 manat, arxa cəbhə veteranları və müharibədə həlak olmuş döyüşçülərin həyat yoldaşlarının hər birinə isə 100 manat məbləğində yardım edilmişdir.