AĞCABƏDİDƏ KEÇƏN İLİN MÜVAFİQ DÖVRÜNDƏKİNDƏN 8,6 DƏFƏ ÇOX SƏNAYE MƏHSULU İSTEHSAL EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətində Azərbaycan Prezdenti İlham Əliyevin Nazirlər Kabinetinin oktyabrın 22-də keçirilmiş iclasındakı nitqlərindən irəli gələn vəzifələrlə əlaqədar yığıncaq keçirilmişdir.
Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hesabat dövründə də xeyli iş görülmüşdür. Sənədə əsasən, 2008-ci ilin sonunadək rayonda 8060 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Bu günə qədər artıq 7461, o cümlədən 4075 daimi iş yeri açılmışdır. İlin 9 ayında isə 1664 iş yeri açılmışdır ki, bunun da 793-ü daimidir. Həmin müddətdə rayon Məşğulluq Mərkəzinə 392 nəfər müraciət etmiş, onlardan 302 nəfər işlə təmin olunmuşdur. Bu, keçən ilin müvafiq dövründəkindən 128 nəfər çoxdur.
Məruzəçi məlumat vermişdir ki, Ağcabədi ərazisində erməni silahlı qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş 3852 ailə, başqa sözlə, 15927 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonun “Taxta körpü” ərazisindəki qış yataqlarında Laçın rayonundan 3656 ailə (14933 nəfər) yerləşmişdir. Digər rayonlardan pənah gətirmiş soydaşlarımız şəhərdə, 2 köçkün qəsəbəsi və 36 kənd inzibati ərazi vahidində yaşayırlar. Onların problemlərinin həllinə daim lazımi kömək göstərilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş 8 tədbirlə əlaqədar hazırlanmış rayonun sosial-iqtisadi inkişafı proqramındakı 46 tədbirdən 36-nın artıq həyata keçirildiyini bildirən natiq, demişdir ki, hesabat dövründə iqtisadiyyatın əsas sahələri üzrə sənayedə 8.522 min manatlıq, keçən ilin müvafiq dövründəkindən 8,6 dəfə çox məhsul istehsal edilmişdir. 2006-cı ilin eyni dövründəkindən 40,1 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 2,1 dəfə çox tikinti işləri görülmüş, əhaliyə 11,4 faiz çox nəqliyyat, 47,8 faiz çox rabitə, 27,1 faiz çox ticarət xidməti göstərilmiş, zəmilərdən 241 ton çox taxıl götürülmüşdür. Qaramalın sayı 1727, davarın sayı 2080 baş artmışdır. Nəzərdə tutulandan 33 ton çox süd, 39 ton çox ət, 111 min ədəd çox yumurta istehsal edilmişdir. Rayon üzrə 2173 ton pambıq yığılmışdır. Bakı şəhərinin Xətai rayonu ərazisində təşkil edilmiş yarmarkaya 252,1 ton kənd təsərrüfatı məhsulları göndərilmişdir. Ümumiyyətlə, yarmarkalar keçirilməyə başlayandan Ağcabədi fermerləri satışa 473,4 ton müxtəlif növ kənd təsərrüfatı məhsulları çıxarmışlar.
Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, «Kənd təsərrüfatı məhsulları istehsalına dövlət dəstəyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağına görə 14965 nəfər torpaq mülkiyyətçisinə becərdikləri 43632 hektar əkin sahəsi üçün 1.745.293 manat məbləğində vəsait ayrılmışdır.
Rayonda sahibkarlara və iş adamlarına yaradılmış şəraitdən, aparılan tikinti-quraşdırma, abadlıq, yaşıllaşdırma işlərindən, elektrik enerjisi ilə təminatdan söz açan natiq, yeni istehsal sahələrinin yaradılması, qazlaşdırma işinin vəziyyəti, su və yol çəkilişi, əhaliyə göstərilən səhiyyə xidməti haqqında da danışmışdır. Məruzədə hesabat dövründə təhsil və mədəniyyət işçilərinin gördüyü işlər, gənclər ili çərçivəsində həyata keçirilmiş tədbirlər, qazanılmış idman uğurları da öz əksini tapmışdı.
Məruzədə və çıxışlarda problemlər sadalanmış, onların həlli ilə bağlı vəzifələr göstərilmişdir. Çıxış edəınlər həm də bildirmişlər ki, ağcabədililər həmişə olduğu kimi, bu gün də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasəti dəstəkləyirlər. Onlar qarşıdan gələn prezident seçkilərində yalnız dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklərini vurğulamışlar.
Tədbirdə Prezdentin İcra Aparatının məsul əməkdaşı Nuridin Hüseynov çıxış etmişdir.
Yığıncaqda Milli Məclisin deputatları Tahir Rzayev və Aqil Abbas iştirak etmişlər.