FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib
Bakı, 13 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
“Havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
“Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur”, - deyə müraciətdə bildirilib.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Bildirilib ki, aşağıda qeyd olunan hallar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Qeyd olunub ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Vurğulanıb ki, qaydalara biganəlik insan həyatına təhlükədir.