Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək
Bakı, 13 iyun, AZƏRTAC
Festival artıq üçüncü ildir keçirilir və bu müddət ərzində “Nine Senses Fest” həm miqyasına, həm də beynəlxalq iştirak səviyyəsinə görə əhəmiyyətli dərəcədə inkişaf edib. Birinci il təxminən 600, ikinci il isə 900-ə yaxın iştirakçı festivala qatılıb. Bu il təşkilatçılar mindən çox qonağı qarşılamağı gözləyirlər.
Bu barədə Natalya Jukova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
“Festivalın coğrafiyası ildən-ilə genişlənir. Biz Qazaxıstan, Avstraliya, Böyük Britaniya və digər ölkələrdən ekspertlər və müəllimlər qəbul edirik. İştirakçıların və natiqlərin sayı artır, layihənin tanınması genişlənir. Bununla yanaşı, insanların düşüncəlilik, özünüdərk və daxili inkişaf mövzularına marağı da yüksəlir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, getdikcə daha çox insan ahəngdar və şüurlu həyat tərzi üçün faydalı alətlər axtarır. Festival isə bilik, təcrübə və ilham mübadiləsi üçün mühüm platformaya çevrilir.
“Nine Senses Art Center”in akademik direktoru builki festivalın “Köklərdən inkişafa” şüarından danışaraq bildirib ki, bu ideya olduqca qeyri-adi şəkildə yaranıb: “Layihə koordinatorlarından biri yuxusunda ağac obrazı görmüşdü. Məhz bundan sonra ağacın festivalın əsas simvoluna çevrilməsi ideyası meydana gəldi. Bu fikri komanda ilə müzakirə etdikcə onun nə qədər dərin, çoxqatlı məna daşıdığı və layihəmizin dəyərlərinə nə qədər uyğun olduğu aydın oldu. Ağac keçmişlə gələcək arasında əlaqəni simvolizə edir: köklər insanı bəsləyən, onun inkişafına təkan verən ənənələri, bilikləri, mədəni irsi və həyat təcrübəsini təcəssüm etdirir. Gövdə və budaqlar isə şəxsi inkişafı, irəliləyişi, eləcə də insanın fəaliyyəti, yaradıcılığı və ətrafındakı insanlarla qarşılıqlı əlaqəsi vasitəsilə dünyaya bəxş etdiyi dəyərləri ifadə edir”.