Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib
Balakən, 13 iyun, AZƏRTAC
Balakən rayonunda barama istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz bəhrəsini verir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) direktorunun vəzifələrini icra edən Elvin Səmədov məlumat verib.
Bildirilib ki, bu il DAİM tərəfindən 600 qutu ipəkqurdu 97 kümçüyə paylanılıb. Həmçinin kümçülərin “Azərİpək” MMC ilə müqavilə bağlanılması təmin olunub.
Bir ay davam edən gərgin zəhmətdən sonra artıq Balakən kümçüləri ipəkqurdundan hasil olan baramanı tədarük məntəqələrinə təhvil verməyə başlayıb. Yaş baramanın tədarükünə yeni başlanmasına baxmayaraq, kümçülər tərəfindən tədarük məntəqəsinə 2 tona yaxın yaş barama təhvil verilib. Elvin Səmədov onu da bildirib ki, cari ildə Balakən rayonunda 24 ton barama istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanın kiloqramını 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət isə əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Nəticədə fermer təhvil verdiyi hər kiloqram yaş baramaya görə ümumilikdə 11 manat gəlir əldə edir.
Müxbir - Rasim İslamoğlu