Füzuli şəhər məktəbində “Son zəng” sevinci
Füzuli, 13 iyun, AZƏRTAC
Bu gün Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də “Son zəng” sədaları eşidilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də “Son zəng” günü qeyd edilib. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi, məktəb kollektivi, şəhid ailələrinin üzvləri, valideynlər, həmçinin digər qonaqlar iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Çıxış edənlər məktəb kollektivini təbrik ediblər. Qeyd edilib ki, 30 illik işğal zamanı dağıdılan yurd yerləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində azad edilib və yenidənqurma işləri nəticəsində bu yerlərə həyat qayıdıb. Bildirilib ki, işğaldan azad olunan ərazilərdə təhsil ocaqları da yenidən qurulub və fəaliyyətə başlayıb.
Diqqətə çatdırılıb ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə 570 şagird təhsil alır və 36 müəllim çalışır. Təkcə bu il məktəbdən 27 şagird məzun olur. Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib və şagirdlərin rəqs nümunələri izlənilib.
Müxbir-Aydın Yavərzadə