AĞCABƏDİDƏ MƏKTƏB BİNASI ƏSASLI BƏRPADAN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
Məktəbin açılışına həsr olunmuş mərasimdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə nümayəndə heyətinin başçısı Brok Birmen, Counterpart international icmanın nümayəndələri, Humanitar Yardım proqramının Qafqaz regionu üzrə direktoru Sergey Xomiçenko, Merçi Corpa təşkilatının Azərbaycan üzrə direktoru Vilyam Helbrik və CHF təşkilatının ölkəmiz üzrə direktoru Beverli Hüver və digər rəsmi şəxslər iştirak etmişlər.
Mərasimdə çıxış edən CHF təşkilatının respublikamız üzrə direktoru B.Hüver bildirdi ki, Sosial Sərmayə Təşəbbüsü Proqramı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilir. Texniki-iqtisadi və humanitar yardım proqramı ilə işləyən təşkilat altı ildən çoxdur ki, Azərbaycanda fəaliyyətini davam etdirir. Bu müddətdə respublikada onlarla layihə həyata keçirilmişdir. Həmin layihələrdən məcburi köçkünlər, eləcə də yerli əhali faydalanmış, ehtiyacı olan insanlara yardımlar edilmişdir.
Məktəbdə keçirilən izdihamlı mitinqdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Əbülfət Tapdıqov, təhsil şöbəsinin müdiri Qaraxan Cəfərov, məktəbin direktoru Hüseyn Səfərov və başqaları təmir-bərpa işlərini yüksək səviyyədə yerinə yetirən, məktəbə zəruri avandanlıq hədiyyə edən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin təmsilçilərinə minnətdarlıqlarını bildirdilər, təhsil ocağının kollektivini təbrik etdilər.
Mərasimdə belə bir fikir ifadə edildi ki, ölkəmizdə yaranmış ictimai-siyasi sabitlik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində görülən işlər, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması beynəlxalq təşkilatların və maliyyə qurumlarının, donor ölkələrin respublikamızla əməkdaşlığının genişlənməsinə səbəb olmuşdur. Natiqlər qeyd etmişlər ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bu əlaqələr daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Mərasimin iştirakçıları məktəbin sinif otaqları, fənn kabinetləri ilə tanış oldular. Tədbirin sonunda məktəbin şagirdləri geniş konsert proqramı ilə çıxış etdilər.