Ağcabədidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb
Ağcabədi, 13 dekabr, AZƏRTAC
Ağcabədidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Ağcabədi şəhərindəki abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun din xadimlərinin, idarə və müəssisə rəhbərlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, Ümummilli Lider tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu diqqətə çatdırıb. Son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb.
Sonra çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin respublikamızda ictimai-siyasi, o cümlədən dini sabitliyin bərqərar olmasında müstəsna xidmətləri olub. DQİDK rəsmisinin sözlərinə görə, multikulturalizmin fəal şəkildə dəstəklənməsi Azərbaycanın siyasi və sosial-mədəni tarixində silinməz iz qoyan Ulu Öndərin strategiyasının əsas aspektlərindən birini təşkil edirdi. S.Salahlı bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Sədrin birinci müavini, həmçinin respublikamızdakı mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri barədə də məlumat verib.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ramazan Hüseynov diqqətə çatdırıblar ki, ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələrinin inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda, bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır. Natiqlər ölkə rəhbərliyi tərəfindən dinə və milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğının olduğunu da vurğulayıblar.
Konfransın birinci günü kitab sərgisi keçirilib, sənədli film nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb.
Regional konfrans işini dekabrın 15-dək davam etdirəcək.