Ağcabədinin ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsində səyyar tibbi müayinələr aparılır
Ağcabədi, 7 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov AZƏRTAC-a bildirmişdir ki, tibbi müayinələrin aparıldığı mərkəzi rayon xəstəxanası Prezidentin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa olunaraq ötən il istifadəyə verilmiş, bütün şöbələr ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilmişdir. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Bundan başqa 8 həkim briqadası tərəfindən kəndlərdəki sahə xəstəxanalarında və tibb məntəqələrində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Qrafikə əsasən indiyədək 69 idarə, müəssisə və təşkilatların kollektivləri, Ağcabədi şəhərinin və 14 kəndin sakinləri daxil olmaqla 49 min 500 nəfərdən çox sakin müayinə olunmuşdur.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Novruz Abbasov aksiyanın təşkili və ilkin nəticələri barədə məlumat verərək demişdir ki, müayinələr yüksək ixtisaslı və təcrübəli tibb mütəxəssisləri tərəfindən aparılır. Vətəndaşlar kardioqram, ultrasəs, laborator və sair müayinələrdən keçirilir. İndiyədək müayinə olunmuş sakinlərdən 1377-si ambulator, 287-si stasionar müalicəyə cəlb edilmiş, 150 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər.
Hazırda səyyar həkim briqadaları rayonun qəsəbə və kəndlərində müayinələri davam etdirir. Qrafikə əsasən növbəti səyyar müayinələr ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsində aparılır. Qəsəbə xəstəxanasının baş həkimi Tahir İsmayılovun verdiyi məlumata görə, aprelin 2-dən indiyədək 1500-dən çox sakin tibbi müayinədən keçirilmişdir. Səhhətində müəyyən problemlər aşkarlanmış 6 nəfərə stasionar müalicə təyin edilmiş, 15 nəfər mərkəzi rayon xəstəxanasına göndərilmişdir.
Bu humanist və nəcib təşəbbüs sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Müayinədən keçən qəsəbə sakini Mənzurə Tağıyeva həkimlərdən, yaradılan şəraitdən razılıq edərək demişdir:
- Müayinələrin qəsəbəmizdə aparılması sakinlərin ürəyincədir. Həkimlər və tibb işçiləri hər kəsə qayğıkeş münasibət bəsləyirlər. Gözümdə narahatçılıq vardı. Müayinə olundum və uyğun müalicə kursu təyin edildi. Qayğımıza belə yüksək səviyyədə qaldığı üçün dövlətimizə və Prezidentimizə minnətdarıq.
78 yaşlı Qəndili Tağıyeva isə fikirlərini belə ifadə etmişdir:
- Həkimlərin bizi yaşadığımız qəsəbədə müayinə etməsindən çox razıyıq. Digər sakinlər kimi, mən də ətraflı müayinə olundum. Yaradılan bu şəraitə görə hörmətli Prezidentimizə minnətdarlığımı bildirirəm.