Ağdam rayonunda 180 kiloqram istifadəyə yararsız heyvan cəmdəyi aşkar olunub
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 23-ü saat 21 radələrində daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ağdam rayonu Qaradağlı kəndində vətəndaşa məxsus 10-XE-436 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinə baxış keçiriblər.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində 180 kiloqram mənşəyi məlum olmayan istifadəyə yararsız və antisanitar vəziyyətdə olan iribuynuzlu heyvan cəmdəyi aşkar olunub. Heyvanın orqonoleptik göstəricilərinə görə aqoniya halında kəsildiyi, qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin qoxusu olduğu müəyyən edilib.
Heyvan cəmdəklərindən nümunələr götürülərək müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.