AĞDAMDA MƏCBURİ KÖÇKÜNLƏRİN BACARIQLARININ ARTIRILMASI ÜÇÜN İNKİŞAF LAYİHƏSİ HƏYATA KEÇİRİLİR
Ağdam, 16 mart (AZƏRTAC). BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin bacarıqlarının artırılması üçün inkişaf layihəsi həyata keçirilir.
Azərbaycan və İsveçrə hökumətlərinin maliyyələşdirdiyi, FAO-nun reallaşdırdığı layihə 2009-2012-ci illəri əhatə edir. Layihənin məqsədi məcburi köçkün və yerli fermerlərin gəlirlərini artırmaq, onların yaşayış səviyyəsinin yaxşılaşdırmaqdır.
Layihəyə əsasən, Fermer Sahə Məktəbi və Fermer Biznes Məktəblərinin əsas üzvləri olan 45 aparıcı fermer əldə etdikləri bilik və bacarıqları digər 600-1000 nəfər qrup üzvünə çatdırır. Layihədən dolayı yolla 1500-2000 məcburi köçkün və yerli fermerin bəhrələnəcəyi gözlənilir.
FAO idarəedici heyətinin üzvləri, İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatının, Kənd Təsərrüfatı Nazirliyinin, rayon icra hakimiyyətinin nümayəndələri, məcburi köçkün və yerli fermerlər, ərazidə fəaliyyət göstərən kənd təsərrüfatı vasitələri təchizatçıları Quzanlı-1 və Təzəkənd qəsəbələrində məcburi köçkünlərin və yerli fermerlərin əldə etdiyi nailiyyətlərlə, FAO-nun onların həyat səviyyəsini yaxşılaşdırmaq istiqamətində gördüyü işlərlə tanış olmuşlar.
FAO-nun milli proqram rəhbəri Oqtay Gülmalıyev, baş texniki məsləhətçi Valter de Oliveira layihə barədə məlumat vermişlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elman Quliyev, rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Allahverən Əliyev ərazidə kənd təsərrüfatının vəziyyəti, Azərbaycan hökumətinin məcburi köçkünlərə və fermerlərə göstərdiyi diqqət və qayğıdan danışmış, layihənin həyata keçirilməsinə görə FAO-ya, İsveçrənin İnkişaf və Əməkdaşlıq Təşkilatına təşəkkür etmişlər.
Rəsmi hissədən sonra yeni salınmış istixananın açılışını bildirən rəmzi lent kəsilmiş, təsərrüfatlara baxış keçirilmişdir.