Ağdamın tibb işçiləri humanitar aksiyaya həvəslə qoşulmuşlar
Ağdam, 1 mart (AZƏRTAC, Tahir Ağaməmmədov). Azərbaycan Prezidentinin insanların sağlamlığının qorunması məqsədilə onların kütləvi surətdə tibbi müayinədən keçirilməsinin təşkili ilə əlaqədar verdiyi tapşırıq Ağdam rayonunda da uğurla icra olunur.
Mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinin müdiri Bəhram Qurbanov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, çalışdığı tibb ocağının həkimləri bu nəcib aksiyaya həvəslə qoşulmuşlar. Qrafikə əsasən ilkin olaraq rayonun idarə və müəssisələrinin, təhsil ocaqlarının kollektivləri tibbi müayinədən keçirilir. Yaşlılara və yataq xəstələrinə isə evlərində səyyar briqadalar xidmət göstərir. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Xəstəlik aşkar edilən şəxslər dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunurlar.
Şöbə müdiri daha sonra demişdir: Aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicə edilməsi baxımından çox əhəmiyyətlidir. Çalışırıq ki, dövlətimizin başçısının insanların sağlamlığına yönələn bu tapşırığını yüksək səviyyədə icra edək, humanitar aksiyanı uğurla başa vuraq.