Ağdaş rayonunun sosial-iqtisadi inkişaf istiqamətləri qiymətləndirilib
Bakı, 30 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun ümumi işlər üzrə direktor müavini Şakir Alıyev, şöbə müdirləri Allahyar Muradov və Mahir Zeynalov “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsi çərçivəsində Ağdaş rayonunda səfərdə olub.
Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutundan bildirilib.
Səfər çərçivəsində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimovla görüş keçirilib. Görüşdə layihə üzrə aparılan tədqiqatların cari vəziyyəti, qarşıdakı mərhələdə görüləcək işlər və təşkilati məsələlər müzakirə olunub.
Layihənin koordinatoru, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev görülən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində sahibkarlar və müxtəlif sahələr üzrə mütəxəssislər arasında sorğular aparılıb, rayon iqtisadiyyatının kənd təsərrüfatı, sənaye, xidmət, logistika, enerji, turizm və digər istiqamətlər üzrə mövcud vəziyyəti təhlil edilib, inkişaf potensialı qiymətləndirilib və müvafiq layihə təklifləri hazırlanıb. Professor həmçinin layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, aparılmış təhlillər və qiymətləndirmələrin ilkin nəticələri barədə məlumat verib.
Qeyd olunub ki, “Ağdaş rayonunun strateji sosial-iqtisadi inkişaf istiqamətləri” layihəsinin əsas məqsədi rayonun iqtisadi potensialının elmi əsaslarla qiymətləndirilməsi, inkişaf imkanlarının müəyyənləşdirilməsi, özəl investisiyalar üçün cəlbediciliyinin artırılması və uzunmüddətli sosial-iqtisadi inkişaf üzrə strateji təkliflərin hazırlanmasıdır. Bildirilib ki, layihənin nəticələrinin Ağdaş rayonunun gələcək inkişafının planlaşdırılmasına, investisiya mühitinin yaxşılaşdırılmasına və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasına mühüm töhfə verəcəyi gözlənilir.
Görüşdə rayonun sosial-iqtisadi inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, elmi tədqiqatların davam etdirilməsi və layihənin praktiki əhəmiyyətinin artırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib.