Ağdaşda 17 noyabr - Milli Dirçəliş Günü qeyd edilmişdir
Ağdaş, 17 noyabr (AZƏRTAC). 17 noyabr-Milli Dirçəliş Günü münasibətilə Ağdaş Dövlət Hümanitar Kollecində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tələbə və müəllimlərin iştirak etdiyi yığıncaqda çıxış edənlər Milli Dirçəliş Gününün əhəmiyyətindən, bu tarixin Azərbaycan xalqının həyatındakı rolundan danışmışlar.
Qeyd olunmuşdur ki, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq meydanına toplaşaraq mərkəzi hökumətdən ədalətin bərpasını tələb etmişlər.
Məruzələrdə qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəlində Azərbaycan müstəqilliyini bərpa etsə də onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkə daxilində xaos və anarxiyanın, özbaşınalığın baş alıb getdiyi bir vaxtda, iqtisadiyyatın tənəzzülə uğradığı dövrdə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıtmış və respublikanı inkişaf yoluna çıxarmışdır.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi inkişafdan, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzundan söz açan natiqlər bütün bunları Ulu Öndərin uzaqgörən siyasətinin və güclü dövlət quruculuğu strategiyasının parlaq təzahürü kimi qiymətləndirmişlər.
Tədbirin bədii hissəsində tələbələrin özfəaliyyət kollektivinin çıxışları olmuşdur.