CƏMİYYƏT
Ağsaqqallar Şurasının yerli təşkilatlarında hesabat konfransları davam edir
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.
Şuradan AZƏRTAC-a bildirilib ki, növbəti konfranslar Daşkəsən, Samux və Göygöl rayonlarında təşkil olunub.
Konfransların iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Tədbirlərdə Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfranslarda çıxış edənlər Ulu Öndər tərəfindən “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırılan ağsaqqalların şəhər və rayonlarımızın ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini, Vətənimizin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmədiklərini bildiriblər.
Sonra Daşkəsən, Samux və Göygöl rayon ağsaqqalları şuralarının hesabat dövrü ərzində fəaliyyətləri barədə məruzələri dinlənilib.
Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov vurğulayıb ki, ölkəmizdə tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimiz daha təsirli və səmərəli fəaliyyət gözləyir. İnsanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu ağsaqqalların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksimum istifadə olunmalıdır. Bayram Yusifov rayon sədrlərini, üzvləri, ağsaqqalları daha fəal olmağa çağıraraq vurğulayıb ki, bu gün cəmiyyətimizdə boşanmaların sayı gündən-günə çoxalır, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bütün bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq.
Daşkəsən rayonunda keçirilən hesabat konfransında bəzi təşkilati məsələlərə də baxılıb. Dünyasını dəyişən və xəstəlikləri səbəbindən fəaliyyətlərini davam etdirə bilməyən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinin yerinə səsvermə yolu ilə yeniləri seçilib.