Ağstafa rayonunda İKT üzrə təlim kurslarının ikinci mərhələsi başa çatmışdır
Bakı, 16 noyabr (AZƏRTAC). Ölkədə cari ilin “İKT ili” elan olunması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, AMEA-nın müvafiq qurumları tərəfindən mühüm layihələr həyata keçirilir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən regionlarda İKT üzrə bilik və bacarıqların artırılması məqsədi ilə təlim kursları keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, institutun əməkdaşları Ağstafa Rayonu Təhsil Şöbəsinə ezam olunmuşlar. Layihə çərçivəsində Ağstafa rayonunda orta ümumtəhsil məktəblərinin informatika və fənn müəllimləri üçün İKT üzrə treninq kursları keçirilmişdir.
Kurslar Ağstafa rayonu Heydər Əliyev Mərkəzində müasir kompyuter və avadanlıqlarla təchiz edilmiş siniflərdə aparılmışdır. Təlimə Ağstafa rayonu və kəndlərinin orta ümumtəhsil məktəblərinin 44 informatika və fənn müəllimləri, müəssisələr üzrə 25 mütəxəssis cəlb edilmişdir. Tədris zamanı “İnformatika” fənni üzrə nəzəri və praktiki biliklər aşılanmış, müəllimlər müxtəlif mövzular üzrə təqdimatlarla çıxış etmişlər.
Qeyd edək ki, 3 mərhələdən ibarət layihənin sonunda biliklərin xüsusi test proqramı ilə qiymətləndirilməsi və sertifikatlar təqdim olunmuşdur.