Ağstafanın Gürcüstanla həmsərhəd kəndində zərərvericilərlə mübarizə ilə bağlı maarifləndirmə aparılıb




Ağstafa, 13 mart, Vüsalə Cənnətova, AZƏRTAC
Ağstafanın Gürcüstanla həmsərhəd Sadıqlı kəndində qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri barədə maarifləndirmə aparılıb.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Nazirlər Kabinetinin 2022-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində keçirilib. Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan tədbirdə AQTA-nın Qazax-Tovuz Regional Bölməsinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə vacib məlumatlar diqqətə çatdırılıb.
Tədbir iştirakçılarına qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.