Ağsu rayonunda hər gün 1500-2000 sakin tibbi müayinəyə cəlb olunur VİDEO
Ağsu, 3 mart (AZƏRTAC). Ölkə vətəndaşlarının kütləvi surətdə pulsuz tibbi müayinədən keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən verilən tapşırıq Ağsu rayonunda da uğurla icra edilir.
Mərkəzi rayon xəstəxanası baş həkiminin müavini Əli Hüseynov AZƏRTAC-ın müxbirinə demişdir ki, rayon icra hakimiyyəti ilə birgə əvvəlcədən aparılan hazırlıq işləri, idarə, müəssisə və təşkilatlar, ayrı-ayrı kəndlər üzrə tərtib olunmuş qrafik aksiyanın mütəşəkkil gedişini təmin edir. Müayinələr ən təcrübəli həkimlər tərəfindən mərkəzi rayon xəstəxanasında, Kalva kənd xəstəxanasında, habelə 7 həkim məntəqəsində aparılır. Yaradılmış həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinləri evlərdə yoxlamadan keçirirlər.
Rayonda tibbi müayinəyə hər gün 1500-2000 sakin cəlb olunur. İndiyədək 20 min nəfər müayinədən keçmişdir. Onlardan 129-u mərkəzi rayon xəstəxanasında stasionar müalicəyə, 2 min nəfər isə ambulator müalicəyə cəlb edilmiş, 30 nəfər əlavə müayinə və müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Tibbi müayinəyə gəlmiş rayon ağsaqqallar şurasının sədri Seyfəddin Abdullayev əhalinin kütləvi surətdə tibbi müayinəyə cəlb olunmasından razılıq edərək bu insanpərvər təşəbbüsə, xalqın sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ahıllar adından minnətdarlığını bildirmişdir.